Elə baxma, bir baxışdan ölə billəm
Elə baxma, ocaq kimi sönə billəm
Bircə anda üz çevirib dostdan, yardan
Təmiz əhddən, düz ilqardan dönə billəm
Elə baxma, sixma məni, əzmə məni
Çək üstümdən cazibəni çıxım gedim
Öz sevgilim, öz yarım var gəzmə məni
Qiyma mənə öz dünyamı yıxım gedim
Çək gözümdən gözlərini, ağ eləmə
Sevginin də qədəri var, qəzası var
Hicranını sinəm üstə dağ eləmə
Həddin aşan məhəbbətin "cəzası" var
Elə baxma, vallah axır bir iş çıxar
Günah olar, yazıq olar ikimizə
Arxamızca gözü yaşlı bir qız baxar
Bağışlamaz, qənim olar Allah bizə.
Nə qədər ki, yolumuzu azmamışıq
Dönək geri ..., qınamasın ellər bizi
Nə qədər ki, yazılanı pozmamışıq
Aparmasın qoy bulanıq sellər bizi.
AZƏRBAYCANAM
Dəmir qapısıyam qoca Dərbəndin
Ilk ocağı, ilk közüyəm Mərəndin
Sinəm üstə ucalığı Səhəndin
Borçalıyam, Zəngəzuram, Dilcanam
Azərbaycanam!
Ərkəm, Əlincəyəm, İf qalasıyam
Bu Odlar yurdunun od qalasıyam
Düşmənin gözünə ağ salasıyam
Yardımlıyam, Ərdəbiləm, Zəncanam
Azərbaycanam!
Qobustanam, Babadağam, Qoşqaram
Xınalıqda, Murovdağda sal qaram
Dünya yaranandan belə mən varam
Beyləqanam, Balakənəm, Şirvanam
Azərbaycanam!
Urmiyənin torpağıyam daşıyam
Savalanın zirvəsinin başıyam
Seyid Əli üzüyünün qaşıyam
Başdan-başa inqilabam, üsyanam
Azərbaycanam!
Gözəl Qarabağam, Muğanam, Miləm
Ən böyük çələngəm, ən gözəl güləm
Hələ son sözünü deməmiş diləm
Gəncəyəm, Göy-göləm dağam, aranam
Azərbaycanam!