Cılızlaşan Həyat
37, Baku, Azerbaidzhan

Bəzən oturub düşünürəm ki, görəsən taleyini müəyyənləşdirmək insanın öz əlində olsa, necə olardı?! Yer üzərində yaşayan hər kəs xoşbəxt və bərabərhüquqlu ola bilərdimi?!Ancaq dərin düşüncələrə dalıb, hər şeyi fikirləşib, nəticə çıxardıqda görürəm ki, yenə də yer üzərində yaşayan bütün insanlar xoşbəxt və bərabərhüquqlu olmazdı. Çünki yer üzərində yaşayan insanlar müxtəlif xüsusiyyətlərə, müxtəlif düşüncə tərzlərinə və müxtəlif xarakterlərə malikdirlər. Mənə elə gəlir ki, yer üzərində yaşayan insanları iki qrupa bölmək olar: birinci qrupa xoş niyyətli, ikinci qrupa isə bəd niyyətli insanları daxil edə bilərik. Məncə, birinci qrupa daxil olan insanların sayı getdikcə azalır. Çünki dünya inkişaf etdikcə həyat cılızlaşır. Daha dəqiq desək insanlar cılızlaşır. Təəssüflər olsun ki, indi ikinci qrupa daxil olan insanların sayı demək olar ki, getdikcə artır. Bu qrup insanlar özlərindən başqa bir insanın xoşbəxt olmasını istəmirlər. Çalışırlar ki, hər şey onların əlində olsun. Mən uşaqlıqdan, ağlım kəsən vaxtlardan eşitmişdim ki, o dövrdə kimisə sayıb hörmət edirdilərsə, onu yaxşı adam olduğuna: xeyirxahlığına, müdrikliyinə, ağsaqqallığına və s. görə sayırdılar. Əgər kimsə sözün əsl mənasında şəxsiyyətində insani keyfiyyətləri cəmləşdirirdisə, ona hamı hörmət edirdi. Hər bir məclisdə həmin insanlara yuxarı başdan yer verirdilər. Qabaqlar valideynlər çalışırdı ki, qızını və oğlunu evləndirdikdə, insani keyfiyyətləri yüksək olan şəxslərlə qohum olsunlar. Daha düşünmürdülər ki, onun pulu, maşını və yaxud da vəzifəsi olsun. Düzdür o dövrdə də cılız insanlar vardır ki, bu keyfiyyətlərə xüsusi fikir verirdilər. Ancaq təəssüf hissi ilə demək olar ki, indiki dövrdə yaşayan əksər insanlar (çoxluq) istər yoldaş seçdikdə, istər qız verdikdə, istərsə də oğul evləndirdikdə çalışırlar ki, varlı insanlarla qohum olsunlar. Son zamanlar insanlar düşünmür, düşünmürlər ki, qohum olduqları və yaxud da yoldaş seçdikləri şəxs sözün əsl mənasında hansı insani keyfiyyətlərə məxsusdu? Onunla yoldaşlıq və yaxud ailə həyatı qurmaq, gələcəkdə həmin insanın talehini hansı sonluğa gətirəcək? Bax bu hələdə sual altındadı. Bu gün insanlarda yalnız bir düşüncə var, seçdikləri dost və yaxud da qohum olacaqları şəxs varlı və vəzifəli olsun. Təəssüf hissi ilə demək olar ki, indiki gənclərin da əksəriyyəti var-dövləti hər şeydən üstün tururlar. Əvvəllər qızlar ali təhsili olan oğlanla ailə qurmaq istəyərdilər. İndiki qızlar isə çalışırlar ki, gedəcəkləri oğlanın dəbdə olan maşını, malikanəsi və s. kimi imkanı olsun.Bəs yaxşı bu gün gənclərin etdikləri bu səhvləri kimin üstünə ataq? Kimdədir günah? Ən dəhşətlisi odur ki, oğlanlar da bu düşüncələrdə qızlardan geri qalmırlar. Əvəllər evlənəndə yalnız və yalnız qızın əxlaqına və tərbiyəsinə fikir verirdilərsə, indi qızın tərbiyəsi ilə bərabər ailəsinin imkanlı olub-olmamasına da xüsusi fikir verirlər.Eyni düşüncə sahibi olan gənclərin gələcəkdə hansı xöşbəxtliyinnən danışmaq olar?Son vaxtlar boşanma halları demək olar ki, əvvəlki vaxtlara görə ən yüksək mərhələdədir. Çünki, bütün bunların səbəbi var-dövlətə susayıb düzgün qərar verməməkdən irəli gəlir. Ona görə də biz gənclər hər hansısa bir addımı atmamışdan əvvəl düşünüb düzgün qərar verməliyik. Çalışmalıyıq ki, gələcək həyatımızı soyuq və qaranlıq qış gecələrinə döndərməyək.Lakin bütün günahları indiki gənclərin də üstünə atmaq olmaz. Mənə elə gəlir ki, gənclərin özlərinin bu cür səhv nəticə çıxarmaqlarının ən böyük günahı valideynlərindir. Bəli velideyinlərin. Çünki, valideyn uşaq üçün canlı nümunədir. Əgər valideyn özü pula hərislik etməsə və övladını kiçik yaşda düzgün tərbiyə etsə, həmin uşaq gələcəkdə səhv addım atmaqdan özünü qoruyar.İndiki gənclər, xüsusən də, qızlar bu atalar misalını yadlarına salsalar çox yaxşı olar: “Neynəyirəm qızıl teşti içinə qan qusam”.Sonda demək istərdim ki, həyatda var-dövlətdən, yaxşı geyinib gəzməkdən də gözəl nemət var. İnsanın namusu, mənliyi və şərəfi. Bizlər hər zaman Tanrıdan namusumuzu, şərəfimizi və mənliyimizi itirməmək üçün bizə kömək olmasını diləməliyik. Çalışaq ki, heç olmasa yeni dünyaya göz açan körpələrimizi bu hallara çatdırmayaq. Və biz gənclər bu gün bizdən sonra gələcək yeni gənclərə vəsilə olmalıyıq.Tanrı biz gənclərin həyatını günəş kimi uca və parlaq etsin! Tanrı bizləri qorusun!

51 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes