06.04.2010
Tovbe etmek.
32, Baku, Azerbaidzhan

Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə;104)

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edər.Allah belələrinin tövbələrini qəbul edir.Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.Günah işlər görməkdə davam edərək ölüm yetişən anda : “Mən indi tövbə etdim” deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz.Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq”. (Nisa;17-18)

Hz.Peyğəmbər (s.a.s) buyurmuşdur : “İnsanoğlunun hər biri xətakardır.Lakin xətakarların ən xeyirlisi tövbəkar olanlarıdır”.

Allah Təala Adəm Aleyhissalamı torpaqdan yaratdı.Onun torpağının içinə xeyiri də, şərri də qatdı.Buna görə də insanda xeyir də, şər də ikisi birlikdə mövcuddur.Belə olan təqdirdə insan hər an xəta etməyə hazırdır.Lakin insanı günahlarından xilas edəcək şey ya peşmanlıq atəşi,ya da cəhənnəm atəşidir.İnsan peşmanlıq atəşiylə peşman olduğu zaman özünü günahlarından xilas edər və Hz.Adəmin nəsəbindən olduğunu və onun oğlu olduğunu sübut edər.Yox, əgər günahlarında israr edib tövbə etməzsə onda şeytanın nəsəbindən olar.
Allah Təala öz qulunu yaxşı tanıyar.Onun hər an günaha meyl edəcəyini,öz nəfsinə uya biləcəyini yaxşı bilər.Buna görə də bizə böyük bir nemət olaraq tövbə qapısını açmışdır.Qarşımızda Allah Təalanın mərhəmət qapısı var olduğu müddətcə nə üçün bu xətalarımızdan dolayı peşman olub Allahdan bağışlanma,mərhəmət diləyib,Ona tövbə etməyək? Axı Allah Təala özü bizə bunu əmr edir, “Ey iman edənlər! Allaha tövbə edin” deyə buyurur.Allahın bu əmri tövbənin qəbul olunmasının dəlilidir.Əgər qəbul etməsəydi onda bizə bunu əmr etməzdi.Buna görə də böyük və ya kiçik günah olsun,fərqi yoxdur,hamısından Allaha tövbə etməli,Onun sonsuz mərhəmətinə sığınmalıyıq.
Allah qatında tövbənin qiyməti sonsuzdur.Hz.Əli buyurmuşdur ki, Allah Təalaya ən sevimli gələn səs “Ya Rəbbi” deyərək günahlarından tövbə etmək üçün səslənən qulun səsidir.Allah Təala günahkar qulunun tövbəsini qəbul etməkdən məmnun olar,sevinər.Allah Təalanın tövbə edən biri üçün sevinməsi çöldə dəvəsini itirən birinin onu tapmasından sonra keçirdiyi sevinc hissindən daha böyükdür.İnsan tövbə etməklə Allahı sevindirdiyi kimi,ən böyük düşməni olan şeytanın da belini qırar,onu məhv edər.Bir rəvayətə görə şeytan belə demişdir: “Mən günah etdirməklə insanoğlunu həlak etdim,o da bu günahlarından tövbə etməklə məni həlak etdi”.
İnsan sadəcə dili ilə tövbə edib qəlbində günahına davam etməyə meyl olarsa bu yalançıların tövbəsi olar ki, Allah qatında bu qəbul olunmaz.Halbuki, insan bütün əzaları ilə tövbə etməlidir.Qəlbin tövbəsi şəhvəti tərk etməyə niyət etməkdir; gözün tövbəsi harama baxmaqdan çəkinməkdir; dilin tövbəsi pis söz söyləməkdan, qeybətdən qaçmaqdır; qulağın tövbəsi pis sözləri dinləməməsidir; ayağın tövbəsi qadağan olunmuş pis yerlərə getməməsidir; ağzın tövbəsi haram yeməkdən özünü qorumasıdır.
Hz.Peyğəmbər başqa bir hədisində günahdan tövbə edən birinin heç günah işləməmiş kimi olduğunu söyləyir.Yəni insan anadan yeni doğulduğu zaman necə ki, günahsız və tərtəmiz isə, eləcə də tövbə etdiyi zaman dünyaya yenidən gəlirmiş kimi günahsız ve tərtəmiz olar.
İnsan tövbə etdiyi zaman şeytan ona vəsvəsə verərək “bir günah etməklə heç bir şey olmaz,yenə tövbə edərsən” deyərək insanı aldatmağa çalışar.Buna görə də insan şeytanı dinləməyib öz tövbələrində sabit olmalı,bir daha öz günahlarına qayıtmamaq barəsində düşünərək tövbə ipindən bərk-bərk yapışmalıdır.Bir övliyanın da dediyi kimi, tövbə edən biri anasının himayəsində olan körpə uşaq kimidir.Necə ki, anası onu döydüyü zaman uşaq anasının yanında ağlayar,anası da uşağı qucağına götürənə kimi onun yanından ayrılmaz.İnsanoğlu da nə edirsə etsin Allahın mərhəmət qapısından ayrılmamalı, Ona tövbə edib yalvarmalıdır.
Tövbəsində sabit olan biri bir dağa bənzər.Həmin dağı nə istilik əridər, nə soyuq dondurar, nə külək dağıdar, nə də ki sel aparar.Kimki də dağ kimi olarsa dünyada və axirətdə Allah Təala onu mühafizə edər.
Bir şeyi də unutmamaq lazımdır ki, insan tövbəsində tələsməlidir.Bir günah iş gördüyü zaman arxasından dərhal tövbə etməlidir.Əks halda qəlbdə günahlardan ibarət bir zülmət yaranar,silinməyəcək bir hala düşər və möhürlənər.Təsəvvür edin ki,insanın qəlbi onun evi kimidir.Əgər insan evini təmizləyib süpürməzsə evin halı necə olar?O bərbad hala düşər və pis iy verməyə başlar.İnsanın qəlbi də belədir.Vaxtında günahlardan təmizlənməzsə bərbad hala düşər.Əgər qəlbimizin möhürlənməyini və qaralmağını istəmiriksə bir günaha düşdüyümüz zaman israr etməyib tez bir zamanda tövbə etməliyik.
İnsanın tövbə etməsi qəlbinin mənəvi cəhətdən oyanmasının əlamətidir.Mənəvi olaraq oyanmağa başlayan biri nəfsinin acizliyini xatırladıqda boynunu bükər; günahlarını xatırladıqda tövbə edər; dünyanı xatırladıqda düşünüb ibrət alar; axirəti xatırladıqda sevinər; Allahın qüdrət və əzəmətini xatırladıqda isə heyrətlənər.
Unutmayın ki,ölüm və xəstəlik hər an başımızın üstünü kəsdirə bilər.Heç kim bundan siğortalanmayıb.O zaman tövbə etməyə vaxtımız qalmaz.Elə isə ölüm qapımızı kəsdirmədən elə bu andan günahlarımızı xatırlayıb onlardan tövbə edək.Ayədə də buyurulduğu kimi Rəbbimizin adını anıb,hər şeyi buraxıb Ona yönələk.


62 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes