Bismillahir
rəhmanir rəhim. İnsan niyə yaranıb? Yaxud insanın yaradılış fəlsəfəsi.
İnsan yaranandan bəri bir sual Adəm övladını düşündürür. "Allah məni
niyə yaradıb"?(Əgər ilahi dünyagörüşünə malikdirsə). Və yaxud "mən niyə
yaranmışam?"(Əgər materialist dünyagörüşünə malikdirsə). Bu suala
müxtəlif alimlər çeşidli cavablar vermişlər. Uca Rəbbimizin köməyi ilə
bu suala müxtəlif baxışlardan cavab vermək istərdim. Müxtəlif baxışlar
deyəndə məqsədim Quran , mübarək hədislər və fəlsəfi cəhətdən olan
baxışlardır. Ona görə də bu yazımı üç hissəyə bölmək istəyirəm. 1.
İnsanın yaradılış fəlsəfəsi Quranda. 2. İnsanın yaradılış hikməti
mübarək hədislərdə. 3. İnsanın yaradılış hikməti fəlsəfədə.
1. İnsanın yaradılış
fəlsəfəsi Quranda. Müqəddəs Quranımıza müraciət edərkən, bu mövzu ilə
bağlı bir neçə ayələrə rast gəlirik. "Ey insanlar! Sizi və sizdən
əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə təqvalı olasınız"
(Bəqərə surəsi/21). "Mən cinləri və insanları mənə ibadət etmək üçün
yaratmışam" (Zariyat/56). "Yəqinə çatana qədər Rəbbinə ibadət
et"(Hicr/99). Zariyat surəsinin 56-cı ayəsi açıq-aşkar möhkəm ayədir.
"Allah bizi ona ibadət etmək üçün yaratmışdır". Lakin biz hər hansı bir
mövzu barəsində təhqiqat və araşdırma aparırıqsa , o zaman həmən mövzuda
olan bütün ayələri toplamaq lazımdır. Çünki Quran ayələri biri
digərini təfsir edir. Bu söz natiqi-Quran Həzrəti Əlinin (ə) sözüdür.
Bəqərə surəsinin 21-ci ayəsinə, Hicr surəsinin 99-cu ayəsinə isə nəzər
saldıqda , hədəf barəsində yeni bir məna ortaya çıxır. Hədəf iki
qismdir. 1. Vasitəvi hədəf. 2. Sonuncu hədəf. Vasitəvi hədəf- o hədəfə
deyilir ki, onun vasitəsi ilə digər bir yüksəkliyə ucalırsan. Məsələn,
Kəlam elmini öyrənmək bizim üçün hədəfdir, lakin bu elm bir vasitədir
ki, bizi uca bir hədəfə, yüksəkliyə (Allah tanımağa) çatdırır. Sonuncu
hədəf- o hədəfə deyilir ki, onun arxasında özündən başqa bir hədəf
yoxdur. Məsələn, Allahı tanımaq bizim üçün hədəfdir. Deməli Allaha
ibadət vasitəvi hədəf (Zariyat/56), yəqinə və təqvaya yetişmək insan
üçün sonuncu hədəfdir (Hicr/99, bəqərə/21).NƏTİCƏ: Qurana əsasən insan
yəqin , kamillik və təqvaya yetişmək üçün yaradılıb.
İnsanın
yaradılış hikməti mübarək hədislərdə. Bu mövzu ilə bağlı çeşidli və
rəngarəng hədislərimiz mövcuddur. Amma mən onlardan iki mübarək hədisi
seçirəm. 1. Hədisi-qüdsi. Allah təbarəkə və təala buyurur:-Gizlin bir
xəzinə idim. İstədim ki, tanınam, ona görə insanları yaratdım ki,
tanınım. 2. İmam Hüseyn (ə) buyurur:- Allah insanı onu tanımaq üçün
yaratdı, onu tanıyan, ona ibadət edər. Ona ibadət edən, ondan başqasına
ibadət etməkdən ehtiyacsız olar..........Qurani-kərimdə təqva və
yəqinlik adlanan sonuncu hədəf , mübarək hədislərimizdə Allahı tanımaq
kimi ifadə olunmuşdur. Allahı tanıyan yəqin əhli olar. Təqvalı insan
Allahı tanıyan insandır. Daha dəqiq desək , Allah yanında ən əziz insan
təqvalı insandır.(hücurat surəsi). Sonuncu hədəf müxtəlif ifadələrlə
səslənsədə məna birdir.
İnsanın
yaradılış hikməti Fəlsəfədə. Fəlsəfə nöqteyi nəzərindən bu suala cavab
verməkdən öncə , lazımdır ki, "hədəf nədir?" sualına cavab tapaq. Hədəfə
tərif verəndən sonra , "insanın yaradılışında hədəf nədir?" sualına
cavab vermək mümkündür. Məşhur İslam filosofu Əllamə Seyyid Təbatabai
"Bidayə" və "Nihayə" kitablarında hədəfə belə tərif verir. Hədəf- elə
bir maksimum nöqtədir ki, insan ora yetişəndən sonra başqa bir şey
istəmir. Digər bir ifadə ilə desək, insan hədəfi elə bir zirvədir ki,
ora yüksələnin o yüksəklikdən başqa arzusu yoxdur. Görəsən, Adəm övladı
hansı zirvəyə ucalandan sonra başqa bir şey istəmir? Hər bir insan fərdi
açıq-aşkar anlayır ki, insan oğlu nə qədər dünya və dünyada olanlara
yetişirsə, bir azda artıq istəyir. Deməli dünya və dünyada olanlar insan
üçün hədəf ola bilməz. Axı filosoflar
buyurmuşdur ki, hədəf elə bir zirvədir və o zirvəyə yetişən digər heç
nə istəmir. İnsan və İslam tarixinə nəzər saldıqda , həmən yüksəklik və
zirvənin nə olduğunu başa düşürük. Mən iki nümunə göstərmək istərdim. 1.
Meysəm Təmmar. Hər gün Kufə şəhərində olan bir xurma ağacını
suvara-suvara deyirdi:-Mənim Ağam, İmamım, Rəhbərim, sevgilim Həzrəti
Əli (ə) mənə deyib ki, bu ağacdan məni, onun eşqinə görə
asacaqlar.......Deməli Allahın, Məhəmməd və ali Məhəmmədin (s.ə.a.s)
eşqinə yetişən daha heç nə istəmir. 2. İmam Zeynəlabidin (ə)
"Munacatul-muhibbin"də buyurur:- İlahi, kimdir o şəxs ki, sənin
məhəbbətivin şirinliyini dadar, lakin ondan sonra səndən başqa bir şey
istəyər??!!!! ....Mövlamızın sözünün mənası budur ki, İlahi, sənin
məhəbbətivin şirinliyini dadan insan , səndən ondan başqa heç nə
istəməz. NƏTİCƏ: Yalnız və yalnız Allahı sevənlər və onun sevdiklərini
sevənlər ondan başqa bir şey istəmirlər. Deməli insanın yaradılış
fəlsəfəsi də budur.
There are no comments yet.
Leave your comment, start the discussion!