İmam Həsən(ə) Muaviyə ilə niyə sülh etdi?
49, Moscow, Russia

Yayım Tarixi: 17.10.2012 01:05


haber
Mən qan tökülməsinin qarşısını almaq üçün öz haqqımdan keçdim və dinin əbədi qalması naminə sülh etdim

Bəzən tarixdən anlayışı olmayanlar İmam Həsən (ə)-in sülhü haqqında həqiqətə uyğun olmayan şeylər haqda danışaraq, O həzrətin şənini aşağı salırlar. Bunun üçün İmam Həsənin (ə) sülhü ilə bağlı bəzi mətləbləri tarixi mənbələrdən oxucularımızın xidmətinə çatdırmaq istəyirik.

İMAM HƏSƏN (əleyhis-salam)-IN MÜAVİYƏYƏ SÜLH HAQQINDAKI MƏKTUBU
İmam Həsən (əleyhis-salam) bir məktubda Müaviyəyə belə yazdı: Mənim xeyrim haqqı dirçəltmək, batili məhv etməkdədir. Lakin mən bu camaatdan məyus olmuşam. Sən isə öz istəyinə çatırsan. Mən xilafətdən əl çəkərək bu hökuməti sənə tapşırıram. Sonradan qeyd edəcəklərim şərtlərə əməl etməyini səndən istəyirəm və Allahı ona şahid tuturam. Qiyamət günü Allah bu sülhün şərtləri barəsində bizim aramızda hakimdir. Müaviyə də Əbdüllah ibni Haris ibni Nofəl ilə (onun anası Müaviyənin bacısı idi) təkcə axırını imzalayıb möhürlədiyi ağ məktubu İmam Həsən (əleyhis-salam)-a göndərdi. Dedi ki, ürəyin nə istəyirsə, hansı şərtlər nəzərinə gəlirsə onu da yaz, mən hamısını qəbul edərəm. Əbdüllah bu ağ məktubu gətirdi və Həzrət sülhün maddələrini və şərtlərini yazdı.

İMAM HƏSƏN (ƏLEYHİS-SALAM): ƏGƏR MƏN SÜLH ETMƏSƏYDİM TƏRƏFDARLARIMIZDAN BİR NƏFƏR DƏ SAĞ QALMAYACAQDI
Əbu Səid İmam Həsən (əleyhis-salam)-ın hüzuruna gəlib ərz etdi:–Ey Peyğəmbərin oğlu! Nə üçün Müaviyə ilə razılığa gəlib sülh etdin? Halbuki, bilirdin ki, haqq səninlədir, Müaviyə yolunu azmış və təcavüzkardır? Həzrət buyurdu: Ey Əba Səid, sən məni atamdan sonra Allahın xalqa höccəti, xəlifəsi və itaəti vacib olan İmam bilmirsənmi? Ərz etdi:–Bəli, bilirəm. İmam Həsən (əleyhis-salam) buyurdu:–Cəddim Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-din Həsən və Hüseyn–hər ikisi imamdırlar, istər sülh etsinlər, istərsə də müahirəbə deyə buyurduğunu eşitməmisənmi? Dedi:–Eşitmişəm. Həzrət buyurdu:–Əgər məni İmam kimi qəbul edirsənsə, bil ki, mən ümumxalq məsləhətini özümün şəxsi mənafe və danılmaz məqamımdan üstün hesab edərək sülh etdim. Mənim Müaviyə ilə bağladığım sülhün səbəbləri eynilə cəddim Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in Bəni Zümrə və Bəni Əşcə tayfaları ilə, Məkkədən qayıdarkan Hüdeybiyyə müharibəsində qoyduğu şərtlərə oxşayır. Səhabələrdən çoxu o həzrəti danlayıb o sülhlə razılaşmadılar. Mənim Müaviyə ilə bağladığım sülh də eynilə o sülhə oxşayır. Yalnız bir fərqlə ki, onlar Qurana qarşı aşkar kafir idilər, Müaviyə və Bəni-üməyyə hizbi isə zahirdə müsəlman, batində isə kafirdirlər. (Daha sonra bu sülhün səhih və əzəmətli bir iş olduğunu təkid etmək üçün buyurdu:) Musa və Xızrın hekayəsini eşitməmisən? Xızr salamat gəmini deşdi, oğlanı öldürdü və köhnə divarı təmir etdi. Musanın bu işlərin sirrindən xəbəri yox idi. Xızr bu işlərin hikmətini deyəndə Musa onun işlərinin düz olduğunu qəbul etdi. Siz də mənim işimin hikmət və fəlsəfəsini dərk edə bilməzsiniz. Əlbəttə zamanın keçməsi bu işlər barəsində səhih mühakimə yürüdəcək, onun sirrlərini sizin üçün bəyan edəcəkdir. Hələlik bu qədər bilin ki, əgər mən sülh etməsəydim, bizim şiə və dostlarımızdan bir nəfər də sağ qalmaz, hamısı qətlə yetirilərdi. Mən qan tökülməsinin qarşısını almaq üçün öz haqqımdan keçdim və dinin əbədi qalması naminə sülh etdim.

SÜLHÜN MADDƏLƏRİ
Bismillahir-rəhmanir-rəhim.
Bu, Həsən ibni Əliyyibni Əbitaliblə Müaviyətibni Əbi Süfyan arasında bağlanan sülhün şərtləridir. Onlar razılaşırlar ki, o müsəlmanların vilayəti (rəhbərliyi) Müaviyəyə həvalə edilsin. Bu şərtlə ki, o, (Müaviyə-müt.) Allahın kitabı, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnətinə əməl etsin; həmçinin onun özündən sonra xəlifə, vəliəhd seçməyə haqqı yoxdur: Həsən onun canişini olacaqdır. Əgər Həsənə bir hadisə üz versə rəhbərlik işi onun qardaşı Hüseynə çatacaqdır. Camaatın (şiələr) hər yerdə (Şamda, İraqda, Hicazda və Yəməndə) gərək canları, malları, namusları, övladları toxunulmaz olsun. Müaviyə Əmirəl-möminin Əliyyibni Əbitalibi söyməyi, onun barəsində nalayiq sözlər tərk etməli, onu yaxşılıqla yad etməlidir. Cəməl və Siffeyn müharibələrində Əmirəl-mömininin tərəfində vuruşanların övladlarının hüquqları (maaşları) beyltül-maldan ödənilməlidir. Müaviyə özünü möminlərin əmiri adlandırmamalıdır. O, Allahla, habelə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in nəvəsi Həsən ibni Əli ilə peyman bağlayır ki, bu şərtlərə əməl etsin. Həsən ibni Əli və onun qardaşı Hüseyn ibni Əliyə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sülaləsindən olanların heç birinə əzab-əziyyət və zülm etmək fikrində olmasın; istər aşkar, istərsə də məxfi şəkildə onların barəsində pis fikrdə olmasın və bir kəsi qorxutmasın. Bu şərtlər hər kəsin barəsində, hər yerdə olursa olsun, riayət olunmalıdır. Bu sülhnamə 41-ci hicri ili, rəbiül-əvvəlin 25-də imzalandı.
islamazeri.az

17 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes